< <
2 / total: 10

Qəflət halı

Qəflət halı girişdə də qısa şəkildə bildirdiyimiz kimi, insanın Allah`ın və axirətin varlığından xəbərsiz olması və ya xəbəri olduğu halda bu bilginin tələb etdiyi şüur və məsuliyyəti, davranış şəklini göstərməyərək əhəmiyyət verməməsidir. Qəflət halı bəzən iman edən bir kimsə üçün qısa müddətli, keçici bir unutqanlıq və ya dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allah`a iman etməyən və ya Ona ortaq qoşanlarda olduğu kimi, bütün həyatını və həyatının hər xüsusiyyətini bürüyən dərəcədə dərin ola bilər.

Dünyada bir çox insan yaradılış məqsədini düşünmədən nəfsinin arzuları ilə əylənib, mənasız və faydasız işlərlə məşğul olur, bu minvalla, şüursuz halda yaşamağa davam edir. Beləliklə, dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı hədəf seçir. Onun üçün əhəmiyyətli olan "dünyaya yenə gəlməyəcəyik ki..." düşüncəsi ilə bu zamanı ən yaxşı şəkildə qiymətləndirməkdir. Buna görə də yaşadığı zamana yalnız özünə görə ən çox zövqü və əyləncəni sığdırmağa çalışır. Öləcəyini bilir, ancaq öldükdən sonra özünü gözləyən əbədi əzabdan xəbərsizdir və ya Allah`ın üstün gücünü qavraya bilmədiyi üçün bu əzabın şiddətini düşünməz. Halbuki, bu əzabın şiddəti Quranın bir çox ayəsində təsvir edilir. (Ətraflı məlumat üçün baxın, Harun Yəhya,“Ölüm-qiyamət-cəhənnəm”). Bu ayələrdən bəziləri belədir:

... Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allah`a məxsus olduğunu və Allah`ın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)

O gün (Allah`ın) etdiyi əzabı heç kəs edə bilməz! Heç kəs Onun kimi zəncirləyə bilməz. (Fəcr surəsi, 25-26)

Onlar qaynayan cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora atıldıqca onun gözətçiləri onlardan: “Məgər sizə qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar. (Mülk surəsi, 7-8)

... Cəhənnəmin alovlanmış odu kifayət edər! Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir! (Nisa surəsi, 55-56)

Qəflət içindəki insanların çoxu Allah`ın varlığını bilir, ancaq Ona qəti bir bilgi ilə iman etməz, təslim olmazlar. Bu səbəblə də, həyatda hər bir çətin və sıxıntılı hadisədə təvəkkül etmədiyinə görə dərin bir acı və kədər duyurlar. Ən kiçik çətinliyin belə həyatlarını alt-üst etməyə bəs etdiyi bu insanlar cəmiyyətdə bədbin, bədbəxt və depressiyaya düşmüş insan tiplərini meydana gətirirlər.

Olduqca mənasız və faydasız işlərlə keçirdiyi uzun zamanları çoxlu iş, məşğuliyyət olaraq səciyyələndirirlər. Bu mənasız işləri səbəbi ilə də özlərini önəmli və səriştəli görürlər. Halbuki, bu iş çoxluğu qəflətdəki insanın şüursuzluğunu qızışdıran mənasız əyləncədən başqa bir şey deyil. İnkar edənlərin mənasız əyləncələri ayələrdə belə təsvir edilir:

Kafirlər yəqin ki, müsəlman olmalarını istərdilər! Qoy, hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər! (Hicr surəsi, 2-3)

Qəflət Allah`ı və axirət gününü unutmuş insanları ətraflı sarıyan gizli xəstəlik kimidir. Bu, insanın beynini keyləşdirən, ağlını örtən bir xəstəlikdir. Bu keylik və şüursuzluq içində insan özünü əhatə edən və gözləyən həqiqətlərin fərqində olmaz. Bu səbəblə, qəflətdəki insanlar görmək, eşitmək kimi hisslərə sahib olmalarına baxmayaraq, gördüklərini və eşitdiklərini qiymətləndirmək, mühakimə etmək qabiliyyətini itirmişlər. Çünki özlərini bürüyən qəflət ağıllarını örtmüşdür. Qəflət içindəki insanlar bütün vaxtlarını nəfslərinin hədsiz istəklərini təmin etmək üçün sərf edərlər, başqa bir şey düşünməzlər. Bütün mənliklərini həsr etdikləri nəfslərini bir ilah kimi qəbul etmişlər. Onların vəziyyəti Quranda belə bildirilir:

Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 43-44)

Qəflətin əhəmiyyətli xüsusiyyətlərindən biri də insanı həqiqətlərdən uzaqlaşıb xəyal dünyasında yaşamasıdır. Məsələn, gənclər davamlı olaraq gələcəklə əlaqəli xəyallar qururlar və beyinlərini yalnız bununla məşğul edirlər. Qurulan xəyalların nəticəsində də sanki bunlar həqiqət imiş kimi xoşbəxtlik hissi keçirirlər. İrəli yaşlarda isə insanlar daha məhdud xəyallar qurub xatirələri ilə zaman keçirir və bunlarla yaşayırlar. Qısa bir zamanda yaxınlarına danışacaq çoxlu xatirə tapa bilir və bunları dilə gətirərkən o ankı həyəcan və ya hüznü sanki yenidən duyurlar.

Göründüyü kimi, qəflət içindəki insanların beyinləri xəyal və xatirələrlə çox məşğuldur. Amma əsl düşünülməsi lazım olan axirət günü, cənnət və cəhənnəm kimi gerçəkləri görməməzliyə vururlar. Bu insanlar nə fikirlərində, nə də qəlblərində Allah ilə əlaqə halında deyildirlər. Qafil insan həqiqətləri xəyallarında dumanlı və qaranlıq bir yer hesab edir və bu, bir an ağlına gəldiyində bunları düşünməkdən imtina edib dərhal xülyalarına geri dönür.

Qəflət gözləri zəif bir insanın baxdıqlarını dumanlı və ya qarışıq görməsinə bənzəyir. Bu insan gördükləri haqqında ətraflı məlumata sahib ola bilməz. Ancaq eynək taxdığında görünüş dəqiqləşir və hər şeyi ən incə detalına qədər görə bilir. Artıq görünüşdəki dəqiqlik sayəsində eynəklər olmadığında nə qədər az gördüyünün, hətta görə bilmədiyinin tam olaraq fərqində olur.

Qəflət içindəki bir insan üçün də bənzər (ancaq daha ciddi və əhəmiyyətli) bir qəbul nöqsanlığı söz mövzusudur. Qəflət içində ikən insanın Allah`ın varlığını, üstün izzət və şərəfini gərəyi kimi təqdir edə bilməsi mümkün deyil. Ancaq səmimi bir şəkildə ürəkdən Allah`a yönəldiyi, dua etdiyi, təfəkkür etdiyi və Allah`ın hədlərinə riayət etdiyi zaman içində olduğu qəflətin ölçüsünün fərqində olur. Bunun nəticəsində isə qəflətin səbəb olduğu qavrama zəifliyi Allah`ın izni ilə qalxır, həqiqətləri açıq və dəqiq şəkildə görüb qavrayır.

İnkar edənlərin qəflət halı

Allah`ın varlığını inkar edib Onun adının anılmasına belə dözməyənlərin içində olduğu vəziyyət qəflətin insanı dünyada sürüyəcəyi ən son nöqtəyə bir nümunədir. Tamamilə inkar bataqlığına batan bu insanlar Allah`ın qınadığı, pis, çirkin və səhv olan bir çox xüsusiyyəti daşıyan kəslərdir.

İnkar edən bu insanlar üsyankar, qürurlu, eqoist, əsəbi, yalançı və riyakar quruluşa malik və hər cür pisliyi etməyə hazır kəslərdir. Mənfəətləri söz mövzusu olduğunda ata-analarını belə tanımayan bu insanları dünya həvəsi bürümüşdür. İstədiklərini etmək üçün heç bir maneə tanımazlar. Qarşılarına çıxan maneələri aşmaq üçün heç bir saxtakarlıq və əxlaqsızlıqdan çəkinməzlər.

Vicdanlarını tam örtən bu insanlar mərhəmət, şəfqət və acıma duyğularını da itirmişlər. Çevrəsinə qarşı hər cür həssaslıqdan məhrumdurlar. Yalnız özləri üçün yaşayırlar. Nəfsi istək və həvəslərindən başqa önəmli heç nə düşünməzlər. Qəflət onları elə sarımışdır ki, özləri Allah`ı əsla xatırlamadıqları kimi, Allah`ın adının anılmasına belə dözə bilmirlər. Bir Quran ayəsində onların bu vəziyyəti belə ifadə edilir:

Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar... (Zumər surəsi, 45)

Axirəti inkar edən bu insanlar vicdanlarını rahatlatmaq və özlərini təmizə çıxarmaq üçün din əleyhində söhbətlər edib digər insanları da özləri kimi inkara sürüməyə çalışırlar. Özlərini gözləyən sonsuz əzabdan xəbərsiz olan bu insanlar etdikləri pisliklərin şüurunda deyildirlər. Dərin qəflət içindəki bu insanların vəziyyəti Quranda belə təsvir edilir:

Həqiqətən, axirətə inanmayanların əməllərini özlərinə yaxşı göstərdik. Onlar şaşqın bir vəziyyətdədirlər. Onları çox pis əzab gözləyir, axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Nəml surəsi, 4-5)

Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Göründüyü kimi, sonsuz əzabın özlərini gözlədiyini görməməzlikdən gələn inkarçılar özlərini sarıyan qəflət səbəbi ilə Quranda heyvanlardan daha aşağı bir mövqedə təsvir edilirlər. Quranın tərifi ilə qafil olan bu insanların heyvan kimi yalnız yeyib-içmək və xoşlarına gələni etmək xaricində başqa bir məqsədləri yoxdur. Bir başqa ayədə də yalnız dünyanı hədəf seçən qəflətdəki inkarçıların vəziyyəti belə təsvir edilir:

Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər. (Rum surəsi, 7)

Yalnız dünya həyatını düşünərək hərəkət edən bu insanlar hər dövrdə müqəddəs kitablar, peyğəmbərlər və imanlı insanlar vasitəsilə qiyamət gününə və mütləq hesaba çəkiləcəkləri həqiqətinə qarşı xəbərdar edilirlər. Etdikləri pisliklərin günah olduğu və bu günahların qarşılıqsız qalmayacağı, mütləq cəza günü ilə qarşılaşacaqları xatırladılır. Əgər Allah`ın əmr və tövsiyələrinə əməl etməsələr, yer üzündə təxribat törədib pisliyə davam etsələr, bu vəziyyətdə sonsuz cəhənnəm əzabına düçar olacaqları onlara bildirilir. Bu vəziyyətdə həmin insanlar Allah`ın xəbərdarlıqlarına diqqət yetirməli, bütün hal və hərəkətlərini bunların hesabını sorğu günündə verə biləcəkləri şəkildə tənzimləməlidirlər. Ancaq Allah hər cür xəbərdarlığa baxmayaraq, açıq həqiqətlərə qarşı bəzi insanların laqeyd yanaşdığını Quranda belə bildirir:

İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. (Ənbiya surəsi, 1)

Müşriklərin qəflət halı

İnsanların bəziləri islamı Qurana görə deyil, ətrafındakı insanların başqalarından eşitdiyi məlumatlarla və böyüklərindən eşitdiyi Quranla əlaqəsi olmayan üsullarla yaşayırlar. Halbuki, bu insanlar həqiqətdə İslamın özündən fərqli bir dini yaşayırlar. Atalarından və ənənələrindən qalan batil bir dini İslam adı ilə mənimsəmişlər. Buna görə, Quranı oxusalar belə, batil dinləri ilə açıqladıqları üçün onu lazımi şəkildə anlamazlar. Quranda təsvir edilən və Peyğəmbər əfəndimizin (s.ə.v.) sünnəsində nümunələri olan həqiqi imandan, mömin xüsusiyyətlərindən tamamilə uzaq və xəbərsizdirlər. Onların bu vəziyyəti Quranda belə bildirilir:

Onlara: “Allah`ın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

Onlara: “Allah`ın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə surəsi, 104)

Onlara: “Allah`ın nazil etdiyinə tabe olun!” - deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” – deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)

Ayələrdə açıq şəkildə bildirildiyi kimi, bu insanlar Allah`ın əmr və qadağalarına Quranda əmr edildiyi şəkildə əməl etməzlər. Atalarının izindən gedərlər. Ayələrdən belə insanların doğru yoldan azmış, şeytanın arxasına düşmüş və cəhənnəm əzabına doğru süründürülən kəslər olduqları aydın olur. Bu insanlar atalarının dinini Allah`ın dinindən, ənənələrini də Allah`ın kitabı olan Qurandan üstün tutduqları üçün böyük şirk içindədirlər. Mövhumat və təəssübləri, təkəbbür və ağılsızlıqları səbəbi ilə şeytan bu insanları dinlərində yanıltmış, onların doğru yollarının üzərinə oturub İslam adına yanlış bir din anlayışı mənimsəmələrinə səbəb olmuşdur.

 

Beləliklə, Allah`ın varlığını bildiklərinə baxmayaraq, "Allah`a ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın!..." (Nisa surəsi, 36) ayəsi kimi bir çox Quran ayəsində Allah`ın Özünə şərik qoşulmasını qadağan edən əmrlərinə müxalif çıxıb şərik qoşurlar. O qədər qəflət içindədirlər ki, hər şeyin açıq şəkildə və qüsursuz ortaya çıxdığını, axirət günündə də özlərini qurtara bilmək üçün daha əvvəl şərik qoşduqlarını inkar edəcək dərəcədə şüursuzluq göstərərlər:

O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?!” Onların: “Rəbbimiz Allah`a and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri də onlardan qeyb olacaq!(Ənam surəsi, 22-24)

Müşriklərin bu vəziyyətinə qarşı iman edənlər belə xəbərdar edilmişlər:

Tövbə edərək Ona tərəf dönün. Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə sevinər. (Rum surəsi, 31-32)

Ayələrdən açıq şəkildə aydın olduğu kimi, dinlərini firqələrə ayıran müşriklərin içində olduqları azğın vəziyyəti tərif və sevinclə qarşılamaları onların necə böyük bir qəflət içində olduqlarını göstərir. Etdiklərinin yanlış olduğunu bildikləri və doğruya şahid olduqları halda, haqqa yönəlmir, öz istək və həvəsləri yönündə həyatlarını davam etdirirlər.

Şeytanın iman edənləri qəflətə salma cəhdi

Şeytanın ən böyük hədəflərindən biri insanları Allah`ın yolundan azdırmaq və cəhənnəmə sürükləməkdir. Onları olmazın mənasız düşüncələrlə məşğul edib ağıllarını qarışdırmağa və sağlam düşünmələrini əngəlləməyə çalışır.

Mömin ağlı açıq, şüurlu, hər şeyi incə şəkildə düşünüb məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa malikdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan zamanla unutqanlığını, diqqətsizliyini və ya bilgisizliyini fürsət bilib (bir anlıq da olsa) mömini qəflətə salmaq istəyər.

Allah "Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir!" (Zuxruf surəsi, 62) ayəsi ilə möminləri bu təhlükəyə qarşı xəbərdar edir. "Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!" (Nisa surəsi, 76) ayəsi ilə də Allah iman edənlərə şeytanın gizli planlarının puç olduğunu müjdələyir. Bunu bilən şeytan insanları azdırmağa and içərkən (könüldən Allah`a iman edən) ixlaslı qulları bunun xaricində tutur. Quranda şeytanın bu andını ehtiva edən sözləri belə xəbər verilir:

(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Sad surəsi, 82-83)

Şeytan möminləri Allah`ın yolundan azdıra bilməyəcəyini bildiyi halda, yenə də vəsvəsə verib bir anlıq da olsa başlarını qarışdırmağa, onları qəflətə salmağa çalışar. Möminlərin daha çox savab almalarını, Allah qatında daha yüksək dərəcələr qazanmalarını əngəlləməyə çalışar. Məsələn, xeyir iş görmək istəyən bir adama bunu daha sonra edə biləcəyini düşündürüb mane olmağa çalışar. Yaxud "Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. (Lakin) Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir" (Nisa surəsi, 95) ayəsində ifadə edildiyi kimi, bəzi möminləri Allah yolunda mübarizədən saxlayıb onların daha üstün dərəcələr qazanmağına mane olmaq istəyər.

Şeytan möminlərin çətin vaxtlarda, xəstəlikdə və döyüşün qızğın zamanlarında göstərə biləcəkləri bir anlıq zəifliyi fürsət bilib onlara vəsvəsə verməyə çalışar.

Allah insanı, şübhəsiz, çətinliklə də sınayır. Çətinlik, təzyiq və sıxıntının yaşandığı vaxtlarda insanların göstərdiyi davranışlar çox əhəmiyyətlidir. Necə ki, Peyğəmbərimizin (s.ə.v.) dövründə davamlı olaraq yanında olan və onunla birlikdə döyüşə çıxan möminlərdən bəziləri döyüşün qızışdığı çətin anlarda qəflətə qapılmışlar. Bu yanlış davranışın xəbər verildiyi ayə belədir:

O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz.(Əhzab surəsi, 10)

Allah bu cür yanılmalar səbəbi ilə bir anlıq qəflətə düşən möminləri tövbə edəcəkləri təqdirdə bağışlayacağını Quranda müjdələmişdir. Tövbə xəta edən möminə verilən böyük bir imkandır. Quranda döyüşdən geri qalan üç möminin peşmanlığını və Allah`ın onları bağışlaması belə bildirilir:

Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allah`dan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə surəsi, 118)

Xəta edincə "Hər şeyi itirdim", "Bu vəziyyəti düzəltməyim, əvəzini verməyim qeyri-mümkündür" şəklində ümidsizliyə qapılmaq da şeytanın qəflətə salmaq üçün verdiyi vəsvəsələrdən biridir. Ancaq mömin bu cür düşüncələrin şeytanın vəsvəsəsi olduğunu bilər və bu vəsvəsələri dinləməz. Dərhal Allah`a yönələr. Tövbə edib qəflətə düşməkdən Allah`a sığınar. Möminlərin şeytanın vəsvəsəsi qarşısındakı bu davranışları Quranda belə bildirilir:

Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əsraf surəsi, 201)

Möminlər özlərini qəflətə sürüyən mənasız düşüncələrdən Allah`a sığınaraq və hər an Allah`ı xatırlayaraq çəkinərlər. Bundan başqa, Quranı davamlı oxuyub, ayələr üzərində təfəkkür edib və çoxlu dua edib bir anlıq da olsa, qarşılaşa biləcəkləri qəflət təhlükəsindən Allah`ın izni ilə qorunarlar.

Qəflətə düşən insanların xəbərdar edilməsi

Qəflət içindəki insanlar Allah`ın özlərinə göndərilən peyğəmbərlər, elçilər, kitablar və xəbərdaredicilər vasitəsilə xəbərdar edilirlər.

Allah seçdiyi, üstün bir anlayış və nur verdiyi elçilərini tarixin hər dövründə haqq dindən uzaqlaşan və qəflət içində yaşayan qövmlərə xəbərdaredici kimi göndərir. Peyğəmbərimiz (s.ə.v.) də qəflət içindəki bir qövmə xəbərdaredici olaraq göndərilmişdir:

Ataları qorxudulmamış və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! (Yasin surəsi, 6)

Qəflət içindəki bu qövmün xəbərdar edilməsi üçün Allah peyğəmbərimiz hz Muhəmmədi (s.ə.v.) seçmiş, ona qövmünü xəbərdar edib qorxutmaq və haqq dini təbliğ etmək vəzifəsini vermişdir. Peyğəmbərimizə (s.ə.v.) bu vəzifəsini bildirən ayələrdən biri belədir:

Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! (Məryəm surəsi, 39)

Peyğəmbərlər və xəbərdaredicilər göndərildikləri cəmiyyətlərə Allah`ın və axirətin varlığını, Rəbbimizin üstün qüdrətini bildirmiş, Allah`ın varlığının yerdəki və göylərdəki dəlillərini göstərmişlər. Bir çox təbliğ üsulundan istifadə edib insanları Allah`a imana və itaətə dəvət etmişlər. Halbuki, bir çox insanlar göylərdəki və yerdəki saysız möcüzə sistem və nizama baxmayaraq, Allah`ın qüdrətini lazım olduğu kimi təqdir edə bilməmiş, qəflət içində Allah`dan üz çevirməyə davam etmişlər.

Məsələn, hz. Musa qövmünü Allah`ın varlığını və üstün qüdrətini göstərən bir çox möcüzə ilə xəbərdar etmişdir. Lakin qövmü bütün bu möcüzələrə baxmayaraq, zülm və təkəbbürləri səbəbi ilə inkarda inad etmişlər. Vicdanları qəbul etdiyi halda, inkarda inad edən və qəflətlərini davam etdirən bu cür insanların vəziyyəti ayələrdə belə təsvir edilir:

Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. (Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml surəsi, 13-14)

Allah insanları hər an müxtəlif vəsilələrlə xəbərdar edir. Bu anda oxuduğunuz bu kitab, imanlı bir adamın sözləri, insanın öz vicdanı, mətbuatda çıxan ibrətamiz bir xəbər və ya yazı vasitəsi ilə bu xəbərdarlıqlar insana çatır. İnsanın eşitdiyi və gördüyü hər şey, əslində, Allah`ın diləməsi ilə insanların qarşısına çıxan, Allah`dan gəldiyinin şüurunda olub qiymətləndirdikləri təqdirdə onları Allah`a yönəldən bir xəbərdaredicidir.

Allah ayələrində müxtəlif vəsilələrlə xəbərdar etdiyi, həqiqətləri xatırlatdığı insanlara özlərini düzəltmələrini və doğru yolu tapmalarını əmr edir.

 

2 / total 10
"Harun Yəhyanın Gizli Təhlükə: Qəflət kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net