Danışarkən mövzuları uzatmaq vərdişindən qurtulmaq insan üçün böyük zaman qazancıdır...

İnsanlar arasında geniş yayılmış xüsusiyyətlərdən biri də lazımsız yerə uzadılan və hikməti olmayan söhbətlərdir. Bəzi insanlar gün ərzində, demək olar ki, qarşılaşdıqları hər mövzu haqqında (hər hansı bir məqsəd olmadan) ətraflı analizlər aparmağı və bu mövzular üzərində uzun-uzadı danışmağı sevirlər. Bir neçə cümlə ilə həll edilə bilən mövzunu qəsdən uzadırlar. Bu, xüsusilə, cahiliyyə insanlarında  nəzərə çarpan bir vərdişdir. Ancaq cahiliyyə insanlarının dünya həyatına, ölümə, axirətə olan baxışları fərqli olduğu üçün onlar bu vərdişi zərərli görməzlər. Maddi mənfəət əldə etmək, rütbə və vəzifə qazanmaq kimi dünyəvi idealları xaricində təqdirəlayiq və dəyərli bir hədəfləri olmaz. Bu səbəbdən, həyatlarının çox hissəsini başlarını qatmaqla və ya öz sözləri ilə desək, “vaxt öldürməklə” keçirərlər. Başqa sözlə, boş söhbətlərdə iştirak etmək onları narahat etməz. Çünki bu insanların axtardıqları da elə “vaxt keçirməkdir”.
 
Möminlərin həyatı isə çox fərqlidir. İman gətirən bir insanın həyatının hər anında edəcəyi çox iş vardır. Mömin çox yüksək hədəflərə sahib olan insandır. Müsəlman dünyada özünə verilən məhdud vaxta xeyirli söz, davranış və fəaliyyətin ən çoxunu  sığdırmağa çalışar. Yuxu, yemək, fiziki təmizlik kimi zəruri ehtiyaclarına vicdani qənaətinə görə, ən az vaxt sərf edərək, həyatının digər hissəsini Allah’ın razılığını qazana biləcəyi fəaliyyətlərə ayırar. Buna görə də, möminin boş vaxtı olmaz. Allah Quranda möminin bu mövzudakı ölçüsünün necə olduğunu belə bildirir:
 
(İşlərini) qurtaran kimi qalx (dua et, Allah yolunda) çalış.(“Şərh” surəsi, 7)
 
Buna görə də, müsəlman bir mövzudan bəhs edərkən mövzunu ən qısa və ən hikmətli şəkildə həll etməyə çalışar. O mövzu həll edildikdən sonra sırf vaxt keçirmək üçün lazımsız detallarla, məqsədi olmayan izahlarla və ya təkrarlarla məsələni uzatmaz.
 
Bəzi cahiliyyə insanları içlərindəki məqsədsiz vaxt keçirmə arzusu səbəbindən açılan hər mövzu haqqında özlərinə heç bir fayda verməyən detalları araşdırırlar. Sadəcə nəticəsi vacib olan və çoxdan olub-bitmiş bir hadisənin anbaan necə baş verdiyini qarşı tərəfə danışdırırlar. Əvvəllər dəfələrlə dinlədikləri bir mövzunu sanki ilk dəfə öyrənirmiş kimi bu insana təkrar-təkrar danışdırırlar. Qarşı tərəf də eyni hadisələri bütün detalları ilə yenidən söyləməkdə heç bir qüsur görmür. Bəzən qəzetdə oxuduqları və ya televizorda seyr etdikləri bir hadisə barədə, heç bir məlumatları olmamasına və onları maraqlandırmamasına baxmayaraq, “birdən belə olsa idi, necə olardı? Belə olarsa necə olar, elə olarsa necə olar?” kimi suallarla uzun müddət mübahisə edirlər. Özləri ilə heç bir əlaqəsi olmayan bir xəbəri tamamilə sahiblənir və o mövzu haqqında getdikləri hər yerdə, gördükləri hər insanla danışırlar. Onlara bir sual veriləndə o suala birbaşa cavab vermək əvəzinə, əvvəlcə müxtəlif girişlər ilə əlavə mövzulardan bəhs edirlər. O nəticə meydana gələnə qədər hansı mərhələlər yaşandığını da dedikdən sonra, nəhayət, qarşı tərəfin gözlədiyi məlumatı verirlər. Yaşadıqları mühüm bir hadisəni bir-birlərinə danışarkən  mövzunun birbaşa əsas hissələrindən bəhs etmək əvəzinə, cümlə-cümlə o anda olan qarşılıqlı söhbətləri də bir-bir sayırlar.
 
Bu cür boş danışıqlarla yanaşı, əlbəttə, bu insanların özləri üçün vacib olan mövzular da vardır. Ancaq böyük ideallarının olmaması və mövzuları lazımsız yerə uzatmaq vərdişi ucbatından vacib mövzularda da əsas məqsəddən uzaqlaşaraq  yenidən boş söhbətlərə dalırlar.
 
Allah’a, axirətə, hesab gününə iman gətirən bir insanın bu mövzudakı davranışı isə, əlbəttə ki, çox fərqlidir. Lakin bu vərdişin cəmiyyətin, demək olar ki, hər təbəqəsində geniş şəkildə yayılması və nəfsin insanı boş işlərə sürükləməyə cəhd etməsi səbəbindən mömin bu mövzuda çox diqqətli olmalıdır.
 
İnsan bəzən yanılaraq bir mövzunun bütün detallarının həqiqətən çox vacib  olduğunu və bunları qarşı tərəfin mütləq bilməli olduğunu düşünə bilər. Yaxud  bilmədən bir söhbət mühitində mövzuları lazımsız yerə uzada bilər. Nəfs və şeytan insanı əsas mövzudan uzaqlaşdırıb, detallarda boğmaq istəyə bilər. Söhbətin məqsədindən uzaqlaşması, vaxtını boş keçirməsi üçün insanın diqqətini dağıda bilər. Xeyirli bir məqsəd üçün danışılan bir mövzunu məqsədindən uzaqlaşdırıb dedi-qodu mühiti yaratmaq istəyə bilər. Mömin şeytandan və ya nəfsindən gələn  bu cür yönləndirmələrə qarşı çox diqqətli olmalıdır. İman gətirən bir insan üçün həm özünün, həm də qarşısındakı insanın vaxtı çox mühüm və dəyərlidir.  Hər hansı bir mövzuda lazımsız yerə əlavə edilən bir hikmətsiz cümlə də möminin dəyərli vaxtını ala bilər. Müsəlman bu zamanı boş danışıqlarla keçirmək əvəzinə  ağlını, vicdanını çox xeyirli bir düşüncə, söz və ya davranış üçün istifadə edə bilər.
 
Bu səbəbdən, möminlərin mövzuları lazımsız yerə uzatmamaları, hikmətsiz və məqsədsiz təkrarlarla vaxt itirməmələri, boş sözlərə qapılmamaları çox vacibdir. Hər mövzunu ən qısa və ən ağıllı şəkildə həll etmək əsasdır. Mömin bu yüksək ağıla və vicdana sahib olan insandır.
 
Hər davranış, hər düşüncə kimi hər söz də hesab günü insanın önünə çıxarılacaq. Deyilən hər faydalı və hikmətli söz insanı axirətdə qazanclı edəcək, Allah’ın razılığını, cənnətini və rəhmətini qazanmasına vəsilə olacaq.
 
Allah Quranda möminin bu mövzuda göstərəcəyi əxlaqı belə bildirir:
 
Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir) Sizə salam olsun. Biz cahilləri istəmirik” deyirlər.(“Qəsəs” surəsi, 55)
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman  onlardan üz çevirib vüqarla keçər.(“Furqan” surəsi, 72)
2012-12-20 00:59:20

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net