İnsan ibrət aldığı, dərs çıxardığı təcrübələrini və həyatında baş verən hadisələrin ruhunda yaratdığı təsiri unutmamalıdır…

İnsanların həyatlarında çox nadir hallarda baş verən hadisələr olur. Bu hadisələrin güclü  təsiri aylarla, hətta illərlə davam edir. O hadisəyə aid görüntülər, səslər insanların gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getmir. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən çox mühüm və həyati bir tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.
 
İnsanlar çox vaxt bu vəziyyətlərdə bəzi həqiqətləri dərk edir və həyatlarına yön verən çox mühüm qərarlar verirlər. Yaşadıqlarından çıxardıqları nəticəni çox əhəmiyyətli sayır və öz içlərində bunları əsla unutmamağı niyyət edirlər. Baş verən hadisələrdən çıxardıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər özlərinə fayda verən çox dəyərli təcrübələr olduğunu dərk edirlər. 
 
Böyük hadisələrlə yanaşı, insanın yaşadığı bəzi kiçik və gündəlik hadisələr də  vacib qərarlar verməsinə səbəb ola bilər. Yediyi acı və ya ədviyyatlı bir yemək mədəsini narahat etdiyi üçün “Bunun mənə verdiyi zərəri unutmayım və bir daha bu cür yemək yeməyim”, deyə qərar verər. Çünki eyni çətinlikləri bir daha yaşamaq istəməz. Buna baxmayaraq, bu təcrübəsini qısa zamanda unudar. Yaxud tənbəllik etdiyi üçün imtahana hazırlaşmayan bir insanın bir il daha oxumaq məcburiyyətində qalması kimi hadisələr həmin insanın dərs çıxarmalı olduğu əsas hadisələrdəndir. Bəlkə, o günlərdə “Tənbəllik etməyin zərərini əsla unutmayım”, - deyə ağlından keçirər və bir daha bu cür səhv etməməyə niyyət edər. Yaxud  incidici söz deyəndən sonra qarşısındakı insanla münasibətinin pozulduğunu görən bir insan çox peşman olar. “Bir daha ağlımdan keçən sözü düşünmədən söyləməyəcəyəm, mütləq düşünərək danışacağam”, deyə çox səmimi bir qərar verər. 
 
İnsanın həyatında, bu nümunələrdə olduğu kimi, bir neçə mövzunu dərindən qavradığı bəzi anlar olur. Öz-özünə “Bir daha bunu etməyəcəyəm”, “Buna çox diqqət edəcəyəm”, “Bu sözdən və üslubdan bir daha istifadə etməyəcəyəm”, “Bu səhv düşüncəni beynimdən tamamilə çıxardacağam”, deyə qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzində qarşılaşdığı kiçik hadisələrdən də, həyatında mühüm rol oynayan böyük hadisələrdən də çıxardığı nəticələri, əldə etdiyi təcrübələri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmayacağına dair verdiyi qərarı bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqə ərzində diqqətinin dağılması ilə tezliklə unudur. Ta ki eyni səhvi yenidən edənə qədər. 
 
Bəzən bu hal insanın həyatında dəfələrlə təkrarlanar. Mühüm bir hadisə və ya etdiyi səhv bir mövzuda ibrət vəsiləsi olar və insan bu mövzuda diqqətli olmaq üçün qərar verər. Amma gündəlik həyatına qayıtdığı an bu qərarını unudar. Bir müddətdən sonra buna bənzər hadisə ilə yenidən üzləşər. “Əvvəl bu hadisə ilə qarşılaşmışdım və yaşadıqlarımdan əldə etdiyim təcrübəni əsla unutmadan hərəkət etmək qərarını vermişdim. Ancaq bu qərarı unutduğum üçün yenidən eyni səhvi etdim. Artıq bu dəfə qərarımı unutmayacağam”, - deyə niyyət edər. Amma yenə unudar. Yenə eyni vəziyyətdə düşər. Yenidən əvvəl verdiyi qərarı xatırlayar. Bu unutqanlıqlar, bənzər hadisələr daim təkrarlanar.  Bu vəziyyət belə bir təcrübəni yaşayan insanı da heyrətləndirər. Şüurunu, hafizəsini, ağlını istədiyi kimi istifadə etməməyinə, çox yaxşı bildiyi və dəqiq qərar verdiyi bir mövzuda daim eyni səhvləri təkrarlamağına bir məna verə bilməz. 
 
Halbuki insan burada çox mühüm bir mövzunu görməlidir: Səmimi niyyət edilmədikdə, çox güclü bir qərar verilmədikdə, insan çox təsirləndiyi həyati bir mövzuda belə yaşadıqlarını tezliklə unuda bilər. Belə bir vəziyyətdə insan çatışmazlığı öz niyyətində axtarmalıdır. 
 
Məsələn, bir insan böyük və dərin bir alov çuxurundan yuxarıda, taxta çıxıntısının üzərində dursa, (Allah’ın diləməsi ilə) şüuru çox açıq olar. Aşağıdakı alovu unutması mümkün olmaz. Hər an üzərində dayandığı taxtadan aşağı düşmək ehtimalı bu insanın daha diqqətli olmasına səbəb olar. Nə kiminsə ona olduğu bu vəziyyəti xatırlatmasına, nə də eyni təcrübəni bir daha yaşamasına ehtiyac qalmaz. Özünü təhlükədən qorumaq, alovun içinə düşməmək üçün lazım olan hər şeyi düşünəcək və tətbiq edəcək dərəcədə şüuru açıq olar. 
 
Əgər insan çox təsirləndiyi bir hadisə yaşadığı və o an çox səmimi bir qərar verdiyi halda, bu qərarını tətbiq edə bilmirsə, problem onun başqa şeyləri o mövzudan daha vacib hesab etməsindədir. Diqqətini başqa mövzulara verməsi, onlara daha çox maraq göstərməsindəndir. 
 
Belə ki, insan bir səhvi daim təkrarlayırsa, o səhvin meydana gətirdiyi maddi-mənəvi zərər və təxribatdan lazımi qədər təsirlənmirsə və ya başına gələn ibrətamiz hadisələrdən dərs çıxarmırsa, yenidən eyni hadisələrin içinə girirsə, bu vəziyyətdə vicdanında bir xəstəlik ola biləcəyini nəzərə almalı və vicdanını sağlamlaşdırmağa çalışmalıdır. 
 
Ancaq, əlbəttə ki, unutmaq insanın əsas acizliyidir. İnsan Allah’ın izni olmadan bir şeyi unutmağın qarşısını ala bilməz. Unutmamaq üçün maddi-mənəvi hər cür tədbir görə bilər. “Mən aciz bir insanam, nə qədər tədbir görsəm də, mütləq unudaram” deməməli, çalışdığı təqdirdə gözlədiyi nəticəni onun üçün yaradanın Allah olduğunu bilməlidir. Təcrübələrinin təsirini və verdiyi qərarların əhəmiyyətini unutmamaq üçün, diqqətinin yayınmaması üçün və zəiflik göstərməmək üçün bütün gücü ilə mübarizə aparmalıdır. Allah rizası üçün bütün diqqətini gözəl əxlaqa verməlidir. 
 
Bütün bunları etdiyi təqdirdə yenə də unudarsa, Allah insanı unutduğu üçün məsul tutmaya bilər. Unutmasına baxmayaraq, Allah bu insanın yolunu aça bilər. 
 
Allah Quranda səmimi olaraq cəhd edən möminlərin “unutduqlarından və xətalarından məsul tutmaması üçün Ona bu cür dua etdiklərini” bildirmişdir: 
 
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi  bizi ağır yükləmə Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“Bəqərə” surəsi, 286)
2013-01-17 21:04:00

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net