< <
4 / total: 13

ŞEYTANIN FƏALİYYƏTİ

Allah hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə səcdə edin" əmrini verdiyi zaman şeytan Ona qarşı çıxmış və bu üsyana görə sonsuza qədər lənətlənmişdir. Buna görə də o, qiyamət gününə qədər insanları azdırmaq üçün Allah`dan müddət istədi. Allah bu icazəni verdikdə isə dedi:

     
 

(İblis) dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". (Əraf surəsi, 16-17)

 
     

Bir başqa ayədə şeytanın azdırma vədi belə izah edilir:

     
 

"Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allah`ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.(Nisa surəsi, 119)

 
     

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və asanlıqla tələyə düşə bilər. Bu səbəbdən, mömin Quranda xəbər verilən bu həqiqəti hər an ağlında tutmalı, şeytanın sapdırıcı təlqinlərinə qarşı oyaq olmalıdır. Bir ayədə belə buyurulmuşdur:

     
 

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını od sakini olmağa çağırır. (Fatir surəsi, 6)

 
     

Möminlər şeytana qarşı çox diqqətli olmalıdırlar. Çünki şeytan, əsasən, onlarla məşğul olur. İnkarçıları sapdırmaq üçün çalışmasına ehtiyac yoxdur. Çünki onlar artıq şeytanın ordusunu təşkil edirlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək, onları dinə xidmət etməkdən yayındırmaq üçün sərf edir. Bu səbəblə, Allah şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar edir:

     
 

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allah`ın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. (Nur surəsi, 21)

 
     

Allah`ın Quranda bildirdiyinə görə, şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etmir. Lakin zəiflik göstərən və qəflətə dalanlar şeytanın təlqin etdiyi mənfi hallardan təsirlənə bilərlər. Unutmaq olmaz ki, şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dincəlmədən, yatmadan davam etdirir. Mömin də buna qarşı həmişə Allah`ı xatırlamalı, hər an diqqətli və mənəvi cəhətdən rahat olmalıdır.

DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS

İnsanın şeytan qədər diqqət yetirməli olduğu başqa azdırıcı ünsür də öz daxilindədir. Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı daim şeytanın tərəfinə çəkməyə çalışır. Quranda insan ruhundakı bu iki cəhət belə açıqlanır:

     
 

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

 
     

İnsan ayədə ifadə edilən nəfsinin içindəki bu "günahlar"dan xəbərdar olmalı və hər zaman bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməzsə, ayədə deyildiyi kimi onu "batırar"sa, pislikdən çəkinə bilməz və ziyana uğrayar.

Buna görə də insan içindəki bu pis cəhətə qarşı diqqətli davranmalı, həmişə nəfsini təmizləməyə çalışmalıdır. Hz. Yusifin ayədə xəbər verilən "Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir" (Yusif surəsi, 53) şəklindəki ifadəsi möminin nəfsinə qarşı ehtiyatlı olmasını göstərir.

İnsan nəfsinə qarşı hər zaman bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr etdiyi pisliklərə qarşı daim diqqətli olmalıdır. Çünki "... Nəfslər xəsislik etməyə hazırdır " (Nisa surəsi, 128) Bu həvəslərin insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn, hz. Adəmin oğullarından birini qardaşını öldürməyə yönəldən şey onun nəfsidir. (Maidə surəsi, 30) Hz. Musadan sonra Samirinin yenidən bütlərə ibadət etməsinin və qövmünü də eyni pozğunluğa yönəltməsinin səbəbi də eynidir. Ayədə bu haqda belə buyurulur:(Samiri) belə cavab verdi: O dedi: Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. "... nəfsim məni (buna) sövq etdi" (Taha surəsi, 96)

İnsanın qurtuluşu qısqanclıqdan, eqoizmdən, üsyan və şirkə yönəldən nəfsinin "pisliklərindən" çəkinməsindən asılıdır. Quranda belə ifadə edilir: "...(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. " (Həşr surəsi, 9) Mövzu ilə əlaqədar başqa ayələrdə də belə buyurulur:

     
 

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə istəyini yasaq etmişsə, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40-41)

 
     

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə aparılan mübarizədir. İman edən insan nəfsinin ona yönəltmək istədiyi eqoizm, qısqanclıq, qürur, həvəs kimi xəstəliklərə etiraz etməlidir.

Nəfs insanı boş hədəflər arxasınca aparır. İnsana daha çox mal qazanacağını pıçıldayar. Halbuki, insan bu cür zövqlərin heç biri ilə qane olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istəyər. Nəfs bu halı ilə ac və əsla doymayan vəhşi heyvan kimidir.

Nəfsin qane olması isə bu müvəqqəti zövqlərin heç biri ilə deyil, ancaq və ancaq adamın Allah`a sığınması ilə mümkün olur. İnsan Allah`a qul olmaq üçün yaradılmışdır və "... Qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır" (Rəd surəsi, 28) hökmünə uyğun olaraq bu vəzifəsini yerinə yetirib Onun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona rahatlıq və təmkinlik verməz.

Ona görə də rahatlıq tapmış nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edir:

     
 

(O gün möminə deyiləcəkdir): Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

 
     

SEÇİLMİŞ OLMAQ

Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın, ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allah`dır. İnsana sahib olduğu ağlı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allah`dır.

Bu səbəbdən də bir insanın iman etməsi sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allah`dır. Allah "Hadi"dir, yəni hidayət verəndir, ; "eləcə də Rəb;dir, yəni öyrədib-yetişdirəndir. İstədiyi qulunu doğru yola yönəldər. Quranda bu həqiqət hz. Musanın sözləri ilə belə xəbər verilir:

     
 

(Musa) dedi: Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da doğru yolu göstərəndir! (Taha surəsi, 50)

 
     

İman edənlər Allah`ın onlara lütf etdiyi insanlardır. Allah bir ayədə belə buyurur:

     
 

Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur… (Qəsəs surəsi, 68)

 
     

İnsanlar cəhənnəmə ora layiq olaraq girərlər. Çünki onları yaradan Allah`a qarşı üsyan etmiş və ən böyük əzaba "düçar" olmuşlar. Buna müvafiq olaraq, cənnətə ancaq Allah`ın lütfü və bağışlaması sayəsində girmək mümkündür. Allah cənnətinə yerləşdirəcəyi möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.

Mömin seçilmiş olmasının hər zaman fərqində olmalı, özünə verilən iman nemətinə qarşı daim Allah`a şükür edərək yaşamalıdır. Seçilmiş olmanın şərəfi onun hər hərəkətində əks olunmalı, bunun təmkin və kübarlığını öz üzərində daşımalıdır. Yer üzündə Quranda təsvir edilən əxlaqı təmsil etdiyini, çoxlarının qəflət və pozğunluq içində olduğunu, amma Allah`ın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan insanlar içində "ziyanda" olmayan, hər gün cəhənnəmə bir az daha yaxınlaşan qrupun içində iştirak etməyən məhdud saydakı qullardan biridir. Allah ziyanda olan insanları belə xəbər verir:

     
 

And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.(Əsr surəsi, 1-3)

 
     

Bütün inkarçılar sonu cəhənnəmə doğru gedən "ziyan"ın içində olduğu halda, mömin üçün Allah`ın onu bu vəziyyətdən qurtarması və bütün insanlardan üstün tutması, əlbəttə, ki, çox böyük şərəfdir.

DUA VƏ ONUN EDİLMƏ ŞƏKLİ

Allah bir ayəsində duanın əhəmiyyətini belə ifadə edir:

     
 

De: 'Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi'... (Furqan surəsi, 77)

 
     

Həqiqətən də dua mömini inkar edənlərdən fərqləndirən, Allah qatında qiymətli edən əsas ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.

İnsanların çoxu bütün kainatın maddələr cəmi olduğunu və bu maddələrin də heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini zənn edirlər. Əslində, var olan hər şeyin Allah`ın iradəsinə boyun əydiyinin, hər şeyin ancaq Allah`ın "Ol" əmri ilə olduğunun fərqində deyillər. Buna görə də bütün həyatları bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçir.

Ancaq iman edən insan kainatın sirrini bilir. Buna görə də istədiyi bir şeyə nail olmaq üçün o şeyləri yaradanından diləməli olduğunu da anlayır. Bilir ki, Allah hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına qarşı da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənir:

     
 

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

 
     

Ancaq bilinməlidir ki, "qəbul", duada istənilən hər şeyin verilməsi demək deyil. Çünki insan cahildir və ayədə ifadə edildiyi kimi "... xeyir dilədiyi kimi, şər də diləyir" (İsra surəsi, 11). Bu səbəblə, Allah hər duanı eşidər, amma bəzən istəniləni verər, bəzən də o istənilən şey həqiqətdə "şər"olduğu üçün verməz.

Duanın necə ediləcəyi isə yenə Qurana baxılaraq təyin edilməlidir. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvara-yalvara, daxildən ediləcək bir ibadət olaraq təsvir edir. Bu xüsusiyyətlərə sahib olmayan, Allah`ın əzəmətini təqdir edə bilməyən bir dua həqiqi dua olmaz. Dua ancaq ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allah`dan qorxaraq və əvəzini görmək ümidi ilə edildiyində həqiqi mənada dua olar.

Duada çox səmimi olmaq və Allah`la çox yaxın bir əlaqə qurmaq lazımdır. Quranda "Rəbbinizə acizanə, həm də gizlicə dua edin!..." (Əraf surəsi, 55) "Allah`a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə yaxındır" (Əraf surəsi, 56) ayələri necə dua etmək lazım olduğunu ən açıq şəkildə təsvir edir. Bir başqa ayədə isə Allah`ın adları ilə dua edilməsinə belə diqqət çəkilir:

     
 

Ən gözəl adlar Allah`ındır. Ona bu adlar vasitəsi ilə dua edin... (Əraf surəsi, 180)

 
     

Dua anı insanın öz acizliyini və Allah`ın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainata nəzarət edən, gücü hər şeyə yetən, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona cavab verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allah`ın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir. Belə ki, Allah Quranda belə buyurur:
 

     
 

... Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. (Mömin surəsi, 60)

 
     

Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük nemətdir. Yalnız "istəmək" kimi asan bir hərəkətlə maddi-mənəvi hər şeyi əldə etməyin açarıdır.

 

“DUADA İNSAN AĞLININ QAVRAYA BİLMƏDİYİ SİRLƏR VAR.
ALLAH`LA ƏLAQƏ ÇOX MÜHÜM MÖVZUDUR.”

ADNAN OKTAR: ... Allah`la əlaqə çox əhəmiyyətli mövzudur. Bəzi insanlar zənn edirlər ki, oruc tutulur, namaz qılınır, hərdən Allah`a dua edilir, eləcə nə isə istənilir. Elə deyildir. Duada insanların ağlının qavraya bilmədiyi sirlər var. Bu, duanın gücünə bağlı olaraq dəyişir. Duadakı səmimiyyətlə bağlı olaraq. Məsələn, səhər qalxar: “Ya Rəbbi, Allah`ım, işimi rast gətir”, -deyər, çıxar adam, bu, bir duadır. Amma kimisi də çox dərin diqqətini toplayar, huşu ilə Allah`a dua edər. Bu duada baş verənlər ayrıdır. Məsələn, 10 nəfər dua edər. Baxın, şişirtmirəm, o 10 nəfərin duasına görə, İslam əxlaqı dünyaya hakim olar. Dəqiq deyirəm, bilirəm ki, söyləyirəm. Bu, dəqiqdir. “Ya Rəbbi”, -deyər, “Məni Mehdiyə (ə.s) tələbə et”, -deyər şəxs. O duası qəbul olar. “Ya Rəbbi, məni hz. İsaya (ə.s) tələbə et, onunla tanış olmağı nəsib et mənə deyər”, amma çox qəlbdən gələrsə, bu, dua olar. “Ya Rəbbi, məni Xızırla tanış et”, -deyər, bu da olar. “Ya Rəbbi, mənə mələkləri göstər”, -deyər, bu da olar, amma duanın gücü və dərinliyi ilə bağlıdır bu və buna bənzər bir çox şey. Bir də uşaq kimi dua etmək var, yəni səthi, məsələn, maraqlandığı üçün bir Mehdini (ə.s) görüm, əcəba, necə bir insandır? “Mehdini (ə.s) mənə tanıt”, -deyən, nəyi qəbul edəcək bilirsiniz? Ölümü, bütün gəncliyini verməyi, hər cür əzaba qatlanmağı, hər cür iftiraya qatlanmağı qəbul edərək dua edəcək. “Mən maraqlandığım üçün, bir görüm”; elə yox. Hz. İsaya (ə.s) dua edən nəyi qəbul edəcək bilirsiniz? Ölümü, gəncliyini verməyi və ən şiddətli əzabları qəbul edəcək. O cür ona tabe olacaq, o zaman görər. Xızırı istəyən də. Xızırla görüşməyi istəyən də. Hz. Musa (ə.s) bilirsiniz, onun üç dənə hərəkətinə dözə bilmədi. Ülul-əzm peyğəmbər olduğu halda. Bu, güc istəyir, güc, iradə, ağıl və qərarlı olmağı istəyir. Dedi hz. Musaya (ə.s): “Artıq sənlə yollarımı ayırıram”, - dedi ““İndi səbir edə bilmədiyin bu hadisələrin hikmətini sənə açıqlayım”, -dedi. Açıqladıqda tam mənası ilə haqlı olduğunu anladı. Duada danışmaq gücü qazanırsan, mükəmməl natiqlik qazana bilərsən duada. Bir saxtakar aldatma üslubu var, saxtakar molla üslubu var klassik, məşhur. Molla danışır deyə dinləyirlər. Klassik saxtakar üslubu, özünü, adətən, satır, özünü göstərmək niyyətindədir, onun haqqında danışsınlar deyə danışır. Nə alim adammış belə, kimsənin bilmədiyi dildə danışır, kimsənin anlamadığı şeyləri söyləyir. Elmini, qərihəsini, eynləri vurğulayaraq danışır. Xalqın bilmədiyini bildiyi halda, bu, səmimiyyətsizlikdir. Bir də hikmət vardır, səmimidir insan, Allah`dan ona xüsusi olaraq gəlir. Bu da dua ilə olar. Xalqın əsl ehtiyacı olan mövzuları danışarsan, bu da dua ilə olar. Qısa bir izahat verərsən, insanın bütün dünyasını dəyişdirərsən. İnsan 50-60 yaşa qədər yaşamışdır, hər şeyi dinləmişdir, heç bir şeydən təsirlənməz, sənin 4-5 kəlməndən ibarət olan sözün, üzündəki ifadə, səs tonun və üslubunla, amma təbii ki, bu oyun ilə olmaz bu. Bu, Allah ilə tam ruhani əlaqə ilə olur. İnsanın bütün dünyası dəyişir. Bir daha əsla geriyə dönüşü olmaz. Onun üçün, məsələn, universitetə hazırlaşdığını deyir. Allah üçün hazırlaşsan, dua ilə hazırlaşsan, o universitetin bərəkəti olar.

APARICI: Müəllim, mənim sualım var dua ilə bağlı. Əslində məni çox düşündürür. Duada sizcə məntiq ola bilər? Yəni, məsələn, nümunə göstərmək istəyirəm. Mən dua edərkən: “Allah`ım, xeyirlidirsə olsun”, -deyirəm. Əslində, bu, Allah`a olan təslimiyyətimi bir yerdə göstərir. Amma başqa bir dostumu dinləyirəm: “Xeyirlisi ilə olsun”, -deyir. Yəni həm olsun, həm də xeyirli olsun o mənim üçün. Burada səmimiyyəti zədələyən bir nöqtə varmı sizcə? Duada məntiq ola bilərmi?

ADNAN OKTAR: Ürəyi istədiyi kimi demək lazımdır. Yəni: “Mənə sağlamlıq, səhhət ver”, -deyər. Diləyə bilər insan. Məsələn: “Məndən bu xəstəliyi sovuşdur”, -deyər, Allah`dan istəyər. Amma xəstəlik sovuşmursa da, Allah`a giley edilməz. Yəni onda xeyir var. Elə deyilmi? Məsələn, ağır xəstədir, bəlli ki, vəfat edəcək. “Ya Rəbbi mənə uzun ömür ver”, -deyir. Cənnətə gedəcəksən, daha nə istəyirsən? Bəlkə bir az daha artıq yaşasan, küfrə girib cəhənnəmə gedərsən. Xeyirlisi sənin üçün odur, nə gözəl cənabi Allah canını alır, birbaşa cənnətə gedirsən. Əlhəmdulillah, elə deyilmi. Dua edərkən ürəkdən etmək çox əhəmiyyətlidir, ürəkdən. Məsələn, hz. Musa (ə.s) firondan qaçdığı zaman gəlir ağacların altına, yaşıllığa uzanır. “Ya Rəbbi”, -deyir: “Verəcəyin hər xeyrə möhtacam”, -deyir, amma fikrindən də bir şeylər keçir. Yəni fikrindən də o anda bir şeylər keçir və Allah tam istədiyi kimi hadisələri inkişaf etdirir, inşaAllah. Amma bəzən bir şey olmadan əvvəl Allah ona dua etdirir. Onsuz da olacaqdır o, onu hiss etdirir qəlbində, dua etdirir və o hadisə olur. Məsələn, mən lisey illərində ikən İslam əxlaqının dünyaya hakim olmamasını dəhşətli bir hadisə olaraq qəbul etdim. Yəni birdən fərqinə vardım. Çox əcaib qarşıladım. Yəni küfrün hakimiyyəti, masonluğun hakimiyyəti, darvinizmin hakimiyyəti və müsəlmanların da bu qədər əzilmiş olması çox ağır təsir etdi mənə. Məsələn, mən çox yaxşı xatırlayıram çox ürəkdən dua edirdim, İslam əxlaqının dünyaya hakim olması üçün o dövrdə, lisey illərində ikən. Sonra: “Ya Rəbbi”, -dedim, baxdım mövzuları izah etmək çox çətindir insanlara: “Çox rahat izah edə biləcəyim, zərbə kimi və mənə çox təsirli elm ver”, -dedim. Yəni bütün mövzuları həll etsin dedim, “Mənə belə bir məlumat ver”, -dedim. O dövrdə maddənin həqiqətinin fərqinə vardım. Yəni maddənin beynimdə əmələ gəldiyinin fərqinə vardım. Kənarda maddə var, amma görüntüsü ilə əlaqədar olduğumun şüurunda oldum. (Cənab Adnan Oktarın 21 fevral 2010 tarixli Kanal 35 TV-dəki canlı reportajından) .

 

4 / total 13
"Harun Yəhyanın Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net