< <
6 / total: 13

MÜLKÜN ƏSL SAHİBİ

İnsanların çəkdiyi bəlaların və ya bir-birlərinə qarşı etdikləri əziyyətlərin əsas səbəblərindən biri də "mal-mülk uğrunda" aparılan mübarizədir. Hətta cahiliyyə cəmiyyətinin bütün həyatı mülk sahibi olmaq həvəsinə həsr olunur. Belə insanlar bütün zamanlarını daha çox mala sahib ola bilmək üçün sərf edir, bu həvəsi həyatlarının ən böyük məqsədinə çevirirlər.

Halbuki, dünya həyatının özülünü təşkil edən bu "çoxaltmaq istəyi" (Hədid surəsi, 20), tam mənada bir aldanmadır. Çünki yer üzündəki bütün mülkün sahibi Allah`dır. İnsanlar "mal sahibi" olduqlarını zənn etməklə özlərini aldadırlar. Sahib olduqlarını zənn etdikləri şeyləri özləri yaratmayıblar, o şeyləri yaşatmağa gücləri çatmaz. Yox olmalarına da heç bir maneçilik törədə bilməzlər. Daha doğrusu, nəyəsə "sahib" olacaq bir vəziyyətləri yoxdur, çünki özləri başqa bir varlığın mülküdürlər. "İnsanların hökmdarı" (Nas surəsi, 2) olan Allah`ın idarəsi altındadırlar.

Quranda bütün varlıqların onları yaratmış olan Allah`ın mülkü olduğu belə xəbər verilir: "Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur". (Taha surəsi, 6) Başqa bir ayədə isə belə deyilir: "Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allah`a məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir.” (Maidə surəsi, 40)

Allah sahib olduqları malları insanlara dünya həyatında "əmanət" olaraq vermişdir. Bu əmanət müəyyən bir vaxta qədərdir və əlbəttə, vaxtı çatdıqda onun hesabı soruşulacaq.

İnsandan soruşulacaq hesab ona əmanət olaraq verilən mülkü necə və hansı fikirlə istifadə etdiyidir. Əgər o, mülkü özününkü saymış və o mülkdən istifadə etməyin yollarını açıqlayan rəsullara qarşı ayədə xəbər verildiyi kimi: "Mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?" (Hud surəsi, 87) deyə cavab veribsə, böyük bir əzaba düçar olar. Quranda belə insanların başına gələcək hadisələr belə xəbər verilir:

     
 

Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180)

 
     

Ayədə ifadə edildiyi kimi, Allah`ın bol lütfkarlığından insanlara verilən mallar o insanlar tərəfindən "xəsislik" etmədən xərclənilməsi üçündür. İnsan malı özününküləşdirib onu mühafizə etməyə çalışmaqdansa, malın əsl sahibinin Allah olduğunu bilməklə və malı Rəbbimizin əmr etdiyi şəkildə xərcləməklə məsuldur. Ona əmanət verilən mallardan öz ehtiyacları üçün lazımlı olan məqbul bir qismini istifadə edəcək və Quranda bildirildiyi kimi, "ehtiyacdan artıq qalanını" (Bəqərə surəsi, 219) isə Allah yolunda xərcləyəcək. Əgər Allah yolunda xərcləmək yerinə bu malları yığmağa çalışsa, onları özününküləşdirmiş olar. Bunun axirətdəki cəzası çox ağırdır. Bu insanlar haqqında Allah “Tövbə” surəsindəki bəzi ayələrdə belə buyurur:

     
 

... Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ. O gün bu (yığdıqları sərvətlər) cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) "Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!" (deyiləcəkdir.)(Tövbə surəsi, 34-35)

 
     

İslamda "qənaət (iqtisad)" vardır, amma "malı yığmaq" yoxdur. Möminlər yığılacaq mallara deyil, yalnız Allah`a güvənirlər. Allah da bu təvəkküllərinə görə onların bərəkətini artırır. Zəkat verdikləri (Allah yolunda xərclədikləri) mallara görə onlara artıqlaması ilə verər. Ancaq onlar bunu da zəkat verərlər, Allah isə nemətini daha da artırar. Ayələrin birində zəkatın bərəkəti belə ifadə edilir:

     
 

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) əhatə edəndir, biləndir.(Bəqərə surəsi, 261)

 
     

Malı mənimsəyən və onu xeyirli işlərdə xərcləməyib yığanın vəziyyəti isə belə izah edilir:

     
 

... O şəxs ki, mal-dövlət toplayıb onu sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, "Hütəm"ə nədir? Allah`ın qaladığı oddur. (Huməzə surəsi, 2-6)

 
     

ŞÜKÜR

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsədlə yaratmışdır. İnsana verilən hər şey - həyat, iman, ruzilər, sağlamlıq, göz, qulaq insanın Allah`a şükür etməsi üçün bir nemətdir.

Əgər insan cahiliyyə cəmiyyətinin qəflət pərdəsini qaldırsa, xoşuna gələn hər bir şeyin Allah`dan gələn bir nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, tənəffüs etdiyi təmiz hava, ətrafındakı gözəlliklər, bütün bunları görməsini təmin edən gözü, hər şey və tamamilə hər şey Allah`dan bir nemətdir. Belə ki, bu nemətlər saysız-hesabsızdır. Bu həqiqət Quranda belə bildirilir:

     
 

Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir! (Nəhl surəsi, 18)

 
     

Əlbəttə ki, bütün bu nemətlər nə talan edilmək üçün, nə nəfslərinin istədiyi kimi istifadə edilmək üçün, nə də məsuliyyətsiz və vicdansız şəkildə istehlak edilmək üçün yaradılmamışlar. Əksinə, nemətin bəxş edilməsindəki məqsəd, o nemətdən istifadə edən adamı Allah`a yönəltməkdir. Çünki verilən hər şeyin əvəzində şükür tələb edilir. Ən böyük və ən gözəl nemətləri daim insanlara verən Allah`a səmimi bir şəkildə şükür etmək lazımdır.

Şükür həm böyük bir ibadət, həm də insanı "azğınlaşmaqdan" qoruyur. Çünki insanın nəfsində zənginlik və ya güc əldə etdikdə zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa doğru bir meyil vardır. Şükür "azğınlaşmağın" qarşısını birmənalı şəkildə alan əhəmiyyətli amildir. Şükür edən insan bilir ki, əlinə keçən hər neməti ona verən Allah`dır. Böyük mövqe, böyük mülk və hakimiyyət verilən hz. Davud, hz. Süleyman kimi peyğəmbərlərin təvazökar, səmimi və yüksək mədəniyyət sahibi olmalarının açarı məhz budur. Ona verilən mal-mülk səbəbi ilə azğınlaşan Qarunun da əsl problemi şükür etməyi bilməməsi idi.

Əgər bir insan ona verilən nemətlərə görə Allah`a şükür etsə, Allah ona daha çox nemət verər. Allah`ın Quranda bildirdiyi "...Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir" (İbrahim surəsi, 7) hökmü bunu ifadə edir.

Şükür yalnız Allah`a söz ilə həmd etməklə deyil, Rəbbimizin verdiyi nemətləri haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allah`ın dininə xidmət üçün istifadə etməklə mükəlləfdir. Məsələn, Allah`ın ona verdiyi bədəni Onun rizası üçün istifadə edəcək. Quranda Allah`ın nemətlərinə şükür etməyin Onun nemətlərini başqalarına izah etməklə, yəni dini təbliğ etməklə olacağı belə ifadə edilir:

     
 

Şübhəsiz ki, Rəbbin sənə bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətini dayanmadan anlat. (Duha surəsi, 5-11)

 
     

HƏR AN DAVAM EDƏN İMTAHAN

Dünyada reallaşan və insanın da şahid olduğu heç bir hadisə məqsədsiz və əbəs yerə reallaşmır. Allah hər şeyi bir hikmətlə yaradır. Bunu qavramaq isə insanın şüurundan asılıdır. İmanı, bununla əlaqəli olaraq da ağlı və bəsirəti artan insan hadisələrdəki hikmətləri getdikcə daha yaxşı qavrayır.

Bu hikmətlərin ən əhəmiyyətlisi isə insanın imtahan edilməsidir. Allah qarşısına çıxardığı xüsusi yaradılmış vəziyyətlərlə, insanın səmimiyyətini və imanını yoxlayır. Ona bəzən nemət verərək şükür edib-etməyəcəyini ortaya çıxarır. Bəzən də təvəkküllü və sədaqətli davranıb-davranmadığını ortaya çıxarmaq üçün çətinlik verir. Bir ayədə belə buyurulur:

     
 

Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

 
     

İmtahanın müxtəlif növləri olacaq. Bu vəziyyət bir başqa ayədə belə açıqlanır:

     
 

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.(Bəqərə surəsi, 155)

 
     

Əslində, insanın bütün həyatı imtahan sirrinə uyğun olaraq hazırlanır. Əvvəla, bədəni özünə imtahan üçün verilib. Quranda "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik"(İnsan surəsi, 2) hökmü verilir. Bu səbəbdən, insanın eşitdiyi və gördüyü hər şey, əslində, bir imtahandır. Qarşılaşdığı hər hadisədə qarşısında iki variant var: ya Quranın hökmünə, ya da öz nəfsinin istəklərinə görə hərəkət etmək. Allah müxtəlif çətinliklər meydana gətirərək möminin səbrini və dözümlülüyünü də sınayır. Bunların ən əhəmiyyətlisi isə inkarçılar tərəfindən möminlərə edilən təzyiqlərdir. Fikri hücumlar, istehza etmək, fiziki təzyiqlər, hətta işgəncələr və öldürmə təşəbbüslərini ehtiva edən bütün bu fəaliyyətlər ancaq möminləri sınamaq üçündür. Bir ayədə belə buyurulur:

     
 

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi, 186)

 
     

İmtahanın ən əhəmiyyətli cəhəti qarşılaşdığımız vəziyyətin Allah`ın yaratdığı xüsusi bir sınaq olduğunun bilinməsidir. Əgər insanın qavrayışı məhdud olsa, qarşılaşdığı vəziyyətin imtahan olduğunu anlamasa, çox səthi anlayışa sahib olar. Quranda qoyulan şənbə günü qadağasını aşan yəhudilərin qarşılaşdığı bu cür vəziyyət belə izah edilir:

     
 

Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. (Əraf surəsi, 163)

 
     

İmtahan ağılla aydın olar və ağılla keçilər. Buna görə də mömin həyatının hər anında imtahan dünyasında yaşadığını bir an olsun belə unutmamaq və Allah`ın hikmətlərini görə bilmək üçün dua etməli, diqqətli və ehtiyatlı davranmalıdır. Unudulmamalıdır ki, cənnət kimi böyük bir mükafat yalnız "iman etdik" deməklə qazanılmaz. Allah bu həqiqəti ayələrində belə xəbər vermişdir:

     
 

İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

 
     

Bir başqa ayədə isə belə deyilir:

     
 

Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz cənnətə daxil olacaqsınız? (Ali-İmran surəsi, 142)

 
     

 

“MÜSƏLMAN LAĞ VƏ BÖHTAN İLƏ İMTAHAN OLUNUR VƏ
BUNU GÖZƏLLİK OLARAQ QƏBUL EDİR ”

ADNAN OKTAR: Müsəlmanların əleyhinə hz. Adəm (ə.s) dövründən bəri şeytan təbliğat aparır, mütləq müsəlman lağ edilən insandır. Böhtan atılan insandır, işgəncəyə məruz qalan insandır, mütləq bu, Allah`ın qanunu, sünnətullahdır bu, əgər müsəlman bununla qarşılaşmırsa, deməli, imtahan olunmur, yəni universitet imtahanına gedən adamın önündə kağız yox, qələm yox, sual yox; sual yoxdursa, necə imtahan ediləcək o insan? Biz bura imtahana gəlmədikmi? Amma kağız boş, bomboş kağız, imtahan edilirsən, boş kağızla gələn boş kağızla gedər. Suallar çətindirsə, balı da ona uyğun yüksək olar. İbtidai sinif uşağına verilən sual kimi sual asan olarsa, ona hər kəs cavab verər, bunun nəticəsində də heç bir şey qazana bilməz. Sual çətin olacaq, tərləyəcəksən; az insan qazanar. Çox az insan imtahandan keçər. Hər kəs keçə bilməz. Biz onun üçün gəldik; onun üçün müsəlmana böhtan atıldıqda təəccüblənməyəcəksən. Yəni onu bir səhhət əlaməti olaraq, gözəllik olaraq qəbul edəcəksən. İmtahanın şərti olaraq qəbul edəcəksən, yəni böhtan atılmayan bir müsəlmandan sən şübhələn, bunda anormallıq var deyəcəksən, yəni bu insanı hər kəs dəstəkləyir, hər kəs dəstəkləyirsə, hamının sevdiyi insan çox təhlükəli insandır. Baxın, ən təhlükəli insan hər kəsin sevdiyi insandır. Axırzamanda Mehdi (ə.s) dövründə, Mehdinin (ə.s) sevilməsi xaric, o ayrı bir şeydir, metafizik hadisədir o, hər kəs sevəcəkdir, amma əvvəlcə, Mehdidən (ə.s) çox nifrət edəcəklər. Baxın, 313 nəfərdən başqa Mehdinin (ə.s) ətrafında insan yoxdur, “Kimsə onlarla evlənməz”, -deyir Peyğəmbərimiz (s.ə.v) hədisdə. (Cənab Adnan Oktarın 17 fevral 2010 tarixli Kocaeli TV reportajından)

 

6 / total 13
"Harun Yəhyanın Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top